Intel® "Gələcək üçün Təhsil" layihəsi

Intel® "Gələcək üçün təhsil" layihəsi müəllimlərin peşəkarlığının təkmilləşdirilməsinə və onlarda təlim-tərbiyə prosesində İKT-dən səmərəli istifadə vərdişlərinin formalaşdırılmasına yönəlmiş tədbirlər sistemindən ibarətdir. Buraya treninqlər, master-klaslar, seminarlar, konfranslar, müsabiqələr, proqram çərçivəsində metodiki dəstək daxildir.

Dünyanın 70-ə yaxın ölkəsində 10 milyondan çox müəllim bu təlimlərdən keçmişlər. Sayı artmaqda davam edən iştirakçıların əsas hissəsi bilik iqtisadiyyatında və informasiya cəmiyyətində yaşaya bilən gəncləri hazırlayan yeni nəslin müəllimləridir.

Intel və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında ilk memorandum 2006-cı ildə imzalanmışdır. Azərbaycan hökuməti layihənin həyata keçirilməsini dəstəkləmiş və müəllimlərin təlim almasını "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın tərkib hissəsi kimi qəbul edərək treninqlərin keçirilməsini maliyyələşdirmişdir. Intel isə öz növbəsində layihəni məzmunla, proqram və tədris vəsaitləri ilə təmin edir, təlimçi hazırlığı, layihənin sərbəst analizi və monitorinqi kimi funksiyaları yerinə yetirir. 5 tədris ildən artıq bir dövr ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Lerik, Masallı, Zaqatala, Tovuz və Balakəndə 30000-dən çox müəllimə təlim keçirilib.

Kursun dinləyiciləri praktik təcrübə toplayaraq, təlim layihələrini planlaşdırmağı, təqdimatlar, nəşrlər, veb-səhifələr yaratmağı, eləcə də yüksək təfəkkürlü şagirdlərin hazırlanma metodikasına yiyələnirlər. Bu proqramda kompüter sadəcə əşya deyil, təfəkkürün və uşaqların həyati vacib biliklərinin formalaşması üçün qüdrətli vasitədir.

Intel® "Gələcək üçün Təhsil" proqramının əsas vəzifələri:
  • Texnologiyanın tətbiqi və layihə üsulu vasitəsilə şagirdyönümlü təlimin təşkilinə dəstək olmaq;
  • XXI əsr bacarıqlarının inkişafı üçün texnologiyanın təhsildə səmərəli istifadəsini aşılamaq;
  • Təlim və tədrisin keyfiyyətini artırmaq üçün müxtəlif üsul və vasitələrin təqdim etmək;
  • Dövlət tərəfindən müəyyən olunmuş təlim nəticələrinin reallaşdırılması üçün praktik nümunələr hazırlamaq;
  • Hazırlanmış praktik nümunələrdə müasir qiymətləndirmə mexanizmlərini tətbiq etmək;
  • Şagirddə yüksək səviyyəli düşüncə tərzini formalaşdırmaq üçün müvafiq tapşırıqlar tərtib etmək və bu tapşırıqlarda İKT-nin istifadəsini təşviq etmək;
  • Təhsil problemlərinin həlli üçün müəllimlər arasında onlayn əməkdaşlığı təbliğ etmək.

  • Təlim iştirakçıları aşağıdakı bilik, bacarıq və vərdişlərə yiyələnirlər:
  • Texnoloji bilik və bacarıqlar (multimedia təqdimatları yaratmaq, veb 2.0 alətlərindən effektiv istifadə etmək və s.)
  • Şagird qismində çıxış etmək
  • Müəllim portfoliosu yaratmaq
  • Müstəqil şəkildə kompüter texnologiyalarından istifadə edərək layihə planı hazırlamaq
  • Şagirdlərdə 21-ci əsr vərdişləri, yüksək səviyyəli məntiqi təfəkkürü inkişaf etdirmək
  • Komandada işləmək, ünsiyyət və əməkdaşlıq
  • İnformasiya toplamaq və ondan düzgün, səmərəli istifadə etmək
  • Analitik düşünmə və problemi tez həll etmək
  • Təlim və tədris prosesinə daha yaradıcı yanaşmaq
  • Müasir qiymətləndirmə mexanizmlərindən və əlavə resurslardan sərbəst istifadə etmək
  • Dərsi şagirdin marağına uyğun qurmaq, onları daha da fəal öyrənmə prosesinə cəlb etmək

  • Intel® "Gələcək üçün təhsil" proqramına necə qoşula bilərəm?
    Əgər siz Intel "Gələcək üçün təhsil" layihəsinə İştirakçı və ya təlimçi kimi qoşulmaq istəyirsinizsə, "Ərizə formaları" bölməsində müvafiq ərizə formasını doldurmağınız xahiş olunur.

    Proqramın qısa məzmunu:
    Intel® "Gələcək üçün təhsil" təlim kursu 12 bölmədən ibarətdir. Təlim müddətində iştirakçılar müəllim portfolioları yaradırlar. Müəllimlərin hazırladıqları materialları həmkarları nəzərdən keçirir. Portfolioların tərkib hissəsi olan layihə planlarını hazırlayarkən müəllimlər mövcud dövlət standartları və təhsil proqramlarını nəzərə alırlar. Eyni zamanda tədqiqatyönümlü suallardan, XXI əsr bacarıqlarını inkişaf etdirən təlim strategiyalarından və veb 2.0 alətlərindən istifadə edir və müasir qiymətləndirmə mexanizmləri tətbiq edirlər. Təlim zamanı müəllimlər veb 2.0 alətləri vasitəsilə müəyyən tədris məhsulları hazırlayır və sinifdə onlardan səmərəli istifadə etmə imkanlarını müəyyənləşdirirlər.

    Copyright © 2013 Bütün hüquqlar qorunur Intel